Bildiyimiz kimi, 2000-ci ildə dünya ölkələri Millenium İnkişaf Hədəfləri Layihəsi ətrafında birləşdilər. Bu layihə bir çox hədəflərə çatmaq üçün tərtib olunmuşdur. İbtidai Təhsilə nail olma layihənin ilkin hədəflərindəndir.
Beləliklə, 2000-ci ildən 13 il keçib.. Gəlin baxaq bu 13 ildə nələr dəyişdi...
Bir çox pozitiv yöndə baş verən dəyişikliklərə baxmayaraq, bir çox ölkələrdə vəziyyət düşündüyümüzdən də ağırdır.
Məsələn, Yəməndə qızların 80%-i məktəbə getmir, baxmayaraq ki məktəbə getməyən oğlanların sayı bundan qat-qat azdır. Sadəcə 30%. Bu rəqəm qadın və kişi bərabərsizliyinin onların cəmiyyətində nə qədər açıq-aydın olduğunun bariz göstəricisidir. Bir sözlə, bəzi ölkələrdə təhsil alma imkanları heç də yaxşı yöndə dəyişməyib və çox güman ki, yaxın gələcəkdə hər şey elə olduğu kimi də qalacaq. Buraya həm də Saxaradan cənubda yerləşən Afrika ölkələri daxildir.
Önəmli nöqtələrdən biri də odur ki, təhsildə əldə edilən faiz nisbəti dəyişsə belə, təhsilin keyfiyəti hələ də şübhə altındadır. Buna nailiyyət demək nə qədər düzgündür ?
Düşünürəm ki, bügün biz Azərbaycanda da təhsillə bağlı böyük problemlər yaşayırıq. Lakin, biraz başqa miqyasda. Bir çox tələbələr ibtidai təhsil alsalar da, orta və ali məktəbdə təhsilin ölçüsü dəyişir. Başqa sözlə, faiz nisbəti yüksək olsa belə, təhsilin keyfiyyəti hələ də sual altındadır.
Maraqlı və qaçınılmaz faktlardan biri də odur ki, aşağı həyat standartları və yüksək savadsızlıq müşahidə olunan ölkələr qızların təhsil almadığı ölkələrdir. Bu o deməkdir ki, təhsil bir çox şeyin göstəricisi ola bilər. Buna ölkənin iqtisadi və sosial vəziyyəti, sənayesi və mədəniyyəti aiddir. Mədəniyyət və sosyal vəziyyət dedikdə nəyi nəzərdə tuturuq? Təsəvvür edin ki, yeni dünyaya gəlmiş körpənin valideynləri təhsilsizdir. Bu o deməkdir ki, ən azından uşaq məktəbə gedənə qədər heç bir bilgiyə sahib olmayacaq. Fundamenti olmayan uşaq isə məktəbə getsə bele (çox halda getmirlər), gələcəkdə həmişə çətinlik çəkəcək.
Uşaqlar gözlərini açandan bəri nə görürlərsə ona da alışırlar... Yəni ana-atasını kitab və yaxud qəzet oxuyan görən uşaq da gələcəkdə çox güman ki, eyni şeyi edəcək, valideynlərindən nümunə götürəcək.
Bundan əlavə, sübut edilmişdir ki, təhsilin aşağı olduğu ölkələrdə viruslar daha yayğındır. Qızlar məktəbə getməli, bəsit gigiyena qaydalarını öyrənməli və onlara əməl etməlidirlər. Məsələn, Zambiya, Əfqanıstan, Hindistan, Bangladesh kimi ölkələrdə QİÇS və AİDS viruslarının yayılma sürəti daha yüksəkdir. Buna yönəlik ABŞ-ın həyata keçirdiyi sosyal programlar və UNFPA -nın çalışmaları gənclərin təhsilli olmaları üçün, onların problemlərinə həll tapmaqda çaba sərf edirlər.
Təbii ki, təhsilin pullu olması, təqaüdlərin az olması da kasıb ölkələrdəki ailələr üçün uşaqlarını məktəbə göndərməkdə əngəl olur. Məsəslən, 1990-cı illərin sonunda Uqandada təhsil haqlarının azaldılması ilə ibtidai məktəblərə davamiyyətdə 70% artım müşahidə olunmuşdur.
Banqladeşdə həyata keçirilən Qadınların Orta Məktəb Təqaüd Programına əsasən, qız şagirdlərinin sayı oğlan şagirdlərinin sayı ilə bərabərləşdirilib. Beləliklə, qızların təxminən 2/3-si (oğlanmlarla bərabər sayda) orta məktəb təhsili alırlar.
Bəzi maraqlı faktlarla və sadə qrafiklərlə dolu bu kiçik kitabcığı oxuyandan sonra bir daha əmin oldum ki, təhsil bizim həyatımızın ayrılmaz hissəsidir. Təhsilli insanlar ömürlərinin sonuna qədər təhsil alırlar- öyrənmə həvəsində olurlar.Təhsil insana güvən, inam, güc verir. O insana həyatı daha dərindən analiz etmek üçün imkan yaradır. Nəyinsə öhtəsindən gələ bilməyəndə onun səbəbini öyrənmək və çarəsini tapmaqda məhz təhsil kömək edir bizə.
Demək istəyirəm ki, gələcəyimizin daha güvənli, sağlam və parlaq olmasını istəyiriksə, savadlı olmağa öz kiçik ailələrimizdən başlayaq ki, dünya ailələrinə də yardım əli uzada bilək.